İcarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə etdikdə gəlirdən çıxılmalı olan icarəhaqqı məbləğinin vaxtı

2019.07.22 10:12 (UTC+04:00)

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi kassa metodu ilə fəaliyyət göstərən vergi ödəyicilərində borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə etdikdə hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən icarə haqqının və faizlərin məbləğinin vaxtını müəyyən etməkdən ibarətdir. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən, vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə gəlirin əldə edilməsi vaxtı gəlirin faktiki əldə edildiyi vaxt sayılır.

Yəni nağd ödəmədə vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı xərcin faktiki çəkildiyi vaxt sayılır, yəni nağd ödəmədə vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır.

Qeyd edək ki, ilk baxışda 133.4.-cü maddənin tələbləri kassa metodunun ümumi qaydasına uyğun gəlmir. Lakin diqqət etmək lazımdır ki, burada borc öhdəlikləri üzrə faizlər və icarə haqları ilə bağlı xərcin uçotu qaydası izah olunur və kassa metodu üçün istisna hal bu maddəyə əsasən yalnız borc öhdəlikləri üzrə faizlər və əmlak icarəsi ilə bağlıdır. Ona görə də bu maddəyə əsasən vergi ödəyicisinin kassa metodu ilə işləməyinə baxmayaraq xərcin çəkilməsi vaxtı icarə haqqının və faizlərin məbləğinin faktiki ödənildiyi vaxt yox, müqavilədə nəzərdə tutulan vaxt sayılacaq. Yəni icarə haqqının və faizlərin məbləğinin ödəniləcəyi tarix müqavilədə iki hesabat dövrünü əhatə etsə də, bütün məbləğ əvvəlcədən birinci hesabat dövründə ödənilsə də, müqaviləyə əsasən birinci hesabat dövründə ödənilməsi nəzərdə tutulan məbləğ birinci hesabat dövründə, ikinci hesabat dövründə ödənilməsi nəzərdə tutulan məbləğ isə ikinci hesabat dövründə çəkilən xərc kimi hesab olunacaqdır.

Misal: Tutaq ki, gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan vergi ödəyicisi icarə müqaviləsi əsasında 1 noyabr 2018-ci il tarixdən 8 ay müddətinə, aylıq icarə haqqının məbləği 2.000 manat olmaqla ofis icarəyə götürmüşdür. Vergi ödəyicisi 16.000 manat icarə haqqını 2018-cı ilin noyabr ayında qabaqcadan ödəmişdir. Bu halda vergi ödəyicisinin icarə haqqına görə çəkilən xərcinin vaxtını müəyyən edək:

Vergi Məcəlləsinin 133.4-cü maddəsinə əsasən, faktiki ödənilən icarə haqqının məbləğindən asılı olmayaraq hər hesabat dövrü üçün müqaviləyə əsasən nəzərdə tutulan icarə haqqının məbləği həmin hesabat dövrü üçün xərc sayılır. Buna görə də misalda kassa metodu ilə işləyən vergi ödəyicisi tərəfindən icarə haqqının 8 aylıq tam məbləği - 16.000 manat əvvəlcədən, yəni 2018-ci ilin noyabır ayında ödənildiyinə baxmayaraq, 2018-ci il üçün çəkilən icarə haqqı xərcinin məbləği müqaviləyə əsasən 2018-ci ildə ödənilməsi nəzərdə tutulan hər ayı 2.000 manat olmaqla 2 ayın (noyabr və dekabr aylarının) cəmi 4.000 manat (2.000 x 2 = 4.000 manat) olar. 2019-cu il üçün isə çəkilən icarə haqqı xərci müqaviləyə əsasən 2019-cu ildə ödənilməsi nəzərdə tutulan hər ayı 2.000 manat olmaqla 6 ayın cəmi 12.000 manat (2.000 x 6 = 12.000 manat) olar.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI