İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd etdiyiniz fəaliyyət royaltidən gəlir sayılır. Vergi Məcəlləsinin 13.2.23-cü maddəsinə əsasən royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.
Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Bildirilib ki, əldə etdiyiniz gəlir rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royalti gəliri sayılmadığından ödəmə mənbəyində 14 faiz vergiyə cəlb olunmur.
Nəzərinizə çatdırırıq ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər vergi uçotuna alınmaq üçün ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Qeyd olunan gəlirlər şəxsin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda vergilər müvafiq qaydada hesablanaraq ödənilməli və vergi orqanına hesabat təqdim edilməlidir.
Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Royaltidən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab edilir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 101.2 -ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.
Hüquqi şəxslər üçün royaltidən əldə olunan gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir sayılır və 20 faiz gəlir vergisinə cəlb olunur.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi səhifəsindəki “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Eyni zamanda Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı 0 dərəcə ilə ƏDV-yə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 96-cı, 101-ci, 124-cü, 165-ci maddələri.