Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə azadolmalar

2024.08.21 09:45 (UTC+04:00)

Gəlir dedikdə rezident vergi ödəyiciləri üçün Azərbaycan Respublikasında və Azərbaycan Respublikasından kənarda əldə edilən, qeyri-rezident vergi ödəyiciləri üçün isə Azərbaycan Respublikası daxilində əldə etdikləri gəlirlər başa düşülür. Gəlirlər isə öz növbəsində 3 qrupa aid edilir:

1. Muzdlu işlə əlaqədar əldə edilən gəlir;

2. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

3. Vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.

Muzdlu işlə əlaqədar əldə edilən gəlir dedikdə əməkhaqqı, bu işdən alınan hər hansı bir ödəmə və ya fayda nəzərdə tutulur. Əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilən, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin əməkhaqqından tutulan vergilərin dərəcəsi belə müəyyən edilib:

- Neft-qaz sahəsində və dövlət sektorunda fəaliyyət göstərən fiziki şəxslərin muzdlu işdən gəlirləri 2.500 manatadək olduqda vergi tutulan aylıq məbləğinin 14%-i məbləğində, 2.500 manatdan çox olduqda isə 350 manat + 2500 manatdan çox olan məbləğinin 25%-i məbləğində gəlir vergisi tutulur.

- Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin gəlirləri 2019-cu il yanvarın 1-i tarixindən 7 il müddətində vergi tutulan aylıq gəlirləri 8.000 manatadək olduqda vergi dərəcəsi 0%-dir. 8.000 manatdan yuxarı olduqda isə 8.000 manatdan çox olan məbləğin 14%-i məbləğində vergi tutulur.

Fiziki şəxslərin gəlir vergisinə güzəşt və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir. Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə azadolmalara nəzər yetirək:

- Fiziki şəxsin hər hansı muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri (əsas iş yerində) 2.500 manatadək olduğu halda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Misal 1: Neft-qaz sahəsində fəaliyyət göstərən fiziki şəxsin aylıq gəliri 850 manatdır. Onun gəlir vergisi necə hesablanır?

Vergidən azadolma: 200 manat;

Vergiyə cəlb edilən məbləğ: 850 - 200 = 650 manat.

- Fiziki şəxslərin təqvim ili ərzində alınan hədiyyələrin, təhsil haqlarını ödəmək üçün maddi yardımın – birdəfəlik müavinətin 2.500 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Maddi yardım almış həmin şəxslərə azadolma o vaxt verilir ki, məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən sənədlər təqdim edilsin.

Misal 2: Dövlət müəssisəsində çalışan işçinin illik gəliri 11.520 manatdır (aylıq gəlir 960 manat). Müəssisə tərəfindən əməkdaşının təhsil haqqını ödəmək üçün 3.000 manat məbləğində maddi yardım ayrılıb. Bununla bağlı təsdiqedici sənədlər təqdim edilib. Bu halda hesablama belə aparılacaq:

Vergidən azadolma: 2.400 manat (illik gəliri 30.000 manatadək olduqda tətbiq edilən azadolma) + 2.500 manat (təhsil haqqı üçün maddi yardımdan azadolma);

Vergiyə cəlb edilən məbləğ: (11520 + 3000 ) – (2400 + 2500 ) = 9620 manat.

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənən müavinətlərdən başqa, dövlət təqaüdləri, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, təsdiqedici sənədləri ilə birlikdə (Dövlət köçürmələri, dövlət büdcəsi hesabına edilmiş birdədəlik ödəmələrlə bağlı icra hakimiyyəti orqanlarının qərarları, ödəniş sənədləri) gəlir vergisindən azad edilir.

Misal 3: Dövlət müəssisəsi 2023-cü ilin noyabr ayı üzrə işçiyə 500 manat əməkhaqqı hesablayıb. Həmin ayda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 230 manat müavinət və 150 manat dövlət təqaüdü hesablanıb.

Vergidən azadolma: 150 manat (dövlət təqaüdü);

Vergiyə cəlb edilən məbləğ: (500 + 230) – 200 manat (aylıq gəliri 2500 manatadək olduqda) = 530 manat.

- Həmçinin işçi sayının və ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə bağlı, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən təminatlar gəlir vergisinə cəlb olunmayacaq.

- Dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxması ilə əlaqədar ödənilən birdəfəlik haqq gəlir vergisindən azaddır.

- Vergi Məcəlləsinə əsasən, şəhid statusu almış şəxslərin valideynlərinin, övladlarının, dul arvadlarının (ərlərinin) vergi tutulan aylıq gəlirlərinin 800 manat məbləğində hissəsi gəlir vergisindən azaddır.

Misal 4: Qeyri-dövlət sektorunda çalışan şəhid övladının aylıq vergi tutulan əməkhaqqı məbləği 10.000 manatdır.

Vergidən azadolma: 800 manat;

Vergiyə cəlb edilən məbləğ: 2000 manat (aylıq əmək haqqının 8000 manatdan yuxarı olan hissəsi) – 800 manat (şəhid övladları üçün tətbiq edilən) = 1200 manat.