Azərbaycan və Özbəkistan aqro məhsullarının dövriyyəsinin artırılması imkanlarını müzakirə ediblər

2024.08.14 11:14 (UTC+04:00)

Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması, bitkiçilik, meyvəçilik, ipəkçilik, aqrar təhsil, aqrar tədqiqatlar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu müzakirələr kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkəmizdə səfərdə olan Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinini qəbul edərkən aparılıb.

Azərbaycanın Özbəkistanla bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyən E.Zeynalov əsas hədəflərdən birinin kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq olduğunu qeyd edib. Nazir müavini müasir texnologiyaların transferi, aqrar təhsil və aqrar tədqiqatlar sahəsində hər iki ölkənin əməkdaşlıq etməsi üçün böyük potensial olduğunu vurğulayıb.

A.Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hüquqi-normativ bazanın yaradıldığını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük töhfə verdiyini deyib. Özbəkistan nümayəndə heyətinin bu ilin mayında Bakıda keçirilən “Caspian Agro 2024” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakını xatırladan nümayəndə heyətinin rəhbəri bu cür sərgilərin kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlər və iş adamları arasında ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm platforma rolu oynadığını bildirib.