Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə kənd təsərrüfatı sektorunun ümumi sığorta sistemini yaratmağa çalışır. Azərbaycan və Özbəkistan bunun ilk nümunələri oldu.
Bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı avqustun 12-də Ankarada qazaxıstanlı həmkarı Aydarbek Saparov ilə görüşünün yekunlarına dair bildirib.
Onun sözlərinə görə, TDT ölkələri ilə kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə səylər çərçivəsində bu gün Qazaxıstanla dörd niyyət protokolu imzalanıb.
“Biz türk dövlətləri ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq potensialını üzə çıxarmağa çalışırıq. Kənd təsərrüfatı sığortası sisteminin yaradılması istiqamətində də xeyli iş görülüb. Ümid edirəm ki, Azərbaycan və Özbəkistandan nümunə götürərək Qazaxıstanda sığorta sistemi yaradılacaq. Bizim son məqsədimiz TDT Kənd Təsərrüfatı Sığortası İttifaqının təsis edilməsidir”, - deyə İ.Yumaklı əlavə edib.
O, Türkiyə tərəfinin kənd təsərrüfatında sığorta sahəsində toplanmış təcrübəni ötürməyə hazır olduğunu vurğulayıb.
Türkiyəli nazir ümidvar olduğunu bildirib ki, Türkiyə ilə Qazaxıstan arasında mal dövriyyəsi tezliklə ildə 10 milyard dollar həddinə çatacaq.
AZƏRTAC