Yemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı?

2024.08.22 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 01.01.2024-cü il tarixdən etibarən nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər norma daxilində gəlirdən çıxılan xərclərə aid edilib.

Vergi Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, yemək xərclərinin əvəzinin birbaşa işçiyə ödənilməsi zamanı işçiyə ödənilmiş yemək xərclərinin əvəzi işçinin muzdlu işdən gəlirinə aid edilir və gəlir vergisinə cəlb edilir.

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Əsas: 119.2-ci, 109.3-cü, 116-cı maddələri.