Azərbaycan Respublikasının hüdudlarından kənarda yükdaşıma fəaliyyəti ilə məşğul olan rezident müəssisənin həmin fəaliyyətdən əldə etdikləri gəlirləri ƏDV-yə cəlb olunurmu? Eyni zamanda həmin rezident müəssisə, yükdaşıma fəaliyyətini genişləndirmək üçün, Türkmənistan Respublikasında fəaliyyət göstərən qeyri-rezidentlə bazar araşdırması üçün xidməti müqavilə bağlayır, öz növbəsində, həmin qeyri-rezident öz ölkəsində yükdaşıma ilə bağlı biznes imkanlarını müəyyən etmək üçün aylıq xidmət haqqı qarşılığında bazar araşdırması edir. Biz rezident müəssisə olaraq həmin qeyri-rezidentə xidmət haqqı ödəyən zaman hər hansı vergi öhdəliklərimiz (ödəmə mənbəyində vergi və ya ƏDV ) yaranırmı?
Birinci suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Vergi ödəyicisinin bütün gəlirləri dedikdə onun həm Azərbayan Respublikasında, həm də Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri nəzərdə tutulur.
Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.
Azərbaycan Respublikasının rezidenti olan ƏDV ödəycisinin respublikamızın hüdudlarından kənarda göstərdiyi xidmətlər, işlər ƏDV-nin vergitutma obyekti deyil. Lakin Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində olan xidmətlərin göstərildiyi yer kimi xidmətləri göstərən şəxsin yox, xidmətləri alan şəxsin qeydiyyatda olduğu yer qəbul olunur. Sorğuda qeyd olunan xidmət ƏDV-yə cəlb olunmayacaq.
İkinci suala cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.
Sorğuda qeyd olunan qeyri-rezidentin əldə etdiyi gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən Azərbaycan mənbəyindən gəlir sayılmır və ödəmə mənbəyində vergi tutulmur.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.
Bu maddəyə əsaslanaraq bildirilib ki, sorğuda qeyd olunan xidmət Azərbaycan Respublikasının ərazisində olmadığı üçün ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.
Əsas: Vergi Məcəlləsinin 96-cı, 125-ci, 127-ci, 168-ci, 169-cu maddələri.