Standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması müzakirə olunub

2024.08.06 12:30 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu ilə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) nümayəndələri arasında görüş keçirilib.

İnstitutdan verilən məlumata görə, görüşdə istehlak bazarlarının təhlükəli mallardan qorunması və sağlam rəqabət mühitinin inkişafında texniki tənzimləmə sisteminin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, qeyri-qida sektorunda standartların tətbiq edilməsinin əhəmiyyəti vurğulanıb və bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflər dinlənilib. Bundan əlavə, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən milli texniki reqlamentlərin hazırlanması ilə bağlı məsələlər müzakirə edilib, standartlaşdırma haqqında məlumatlılığın artırılması və istehlakçıların bu sahədə maarifləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin inkişaf etdirilməsi məsələləri və gələcək layihələr barədə müzakirələr aparılıb.