Bu ilin yanvar-iyun ayları ərzində qeyri-yaşayış sahəsinə dair 308 yeni icarə müqaviləsi bağlanılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Hesabat dövründə 1518 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 14,5 milyon manat məbləğində vəsait ödənilib.
Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin birinci yarımilliyi ərzində 1826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88 faiz artıb.
Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 17,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artım qeydə alınıb.