Azərbaycanda qida və içki sektorunun inkişafına dəstək mexanizmləri, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, nazir Məcnun Məmmədovun Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə keçirilən görüşdə, quru meyvə və emal olunmuş zəfəran məhsullarının xarici bazarlara çıxışının dəstəklənməsi, daxili bazarın qorunması məqsədilə heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi və yerli ət kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinə nəzarətin gücləndirilməsi məsələlərinə toxunulub.
Görüşdə həmçinin ət emalı məhsullarının Rusiya bazarlarına çıxışının genişləndirilməsi, süd emalı müəssisələrində xammal çatışmazlığı, idxaldan asılılığın azaldılması, ixracla bağlı gömrük prosedurlarının sadələşdirilməsi, qida və içki istehsalında müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi və icrası üçün müvafiq tapşırıqlar verilib.