Tutaq ki, 20.06.2024-cü il tarixdə əməkdaşın “X” şirkətindən aldığı kompüterə görə yaranmış borcunun onun gəlirlərindən tutulması ilə bağlı təşkilata icra sənədi daxil olur. Sənəddə əsas iş yeri dövlət müəssisə olan və əməkhaqqı məbləği 2.000 manat təşkil edən işçinin gəlirlərindən 20% tutulma aparılması bildirilir.
Beləliklə, şirkət icra sənədi üzrə tutulmanı həyata keçirməyə başlayır:
Gəlir vergisi - (2.000 - 200) x 14% = 252 manat;
MDSS – 2.000 x 3% = 60 manat;
İşsizlikdən sığorta haqqı – 2.000 x 0,5 = 10 manat;
İcbari tibbi sığorta haqqı – 2.000 x 2% = 40 manat;
Ödəniləcək net əməkhaqqı - 2.000 – 252 – 60 -10 - 40 = 1.638 manat;
İcra sənədinə görə tutulmalı məbləğ – 1.638 x 20% = 327,60 manat.
18.08.2024-cü il tarixdə müəssisəyə həmin işçi ilə bağlı yeni bir icra sənədi daxil olur. Bu dəfə predmet dövlət büdcəsinə olan vergi borcu ilə bağlıdır, icra sənədi üzrə tutulmalı məbləğ isə gəlirlərin 20%-i həddində müəyyən edilib.
Belə olan təqdirdə, mühasibat bölməsi hər iki icra sənədi üzrə tutulmanı təmin etməlidir:
Gəlir vergisi - (2.000 - 200) x 14% = 252 manat;
MDSS – 2.000 x 3% = 60 manat;
İşsizlikdən sığorta haqqı – 2.000 x 0,5 = 10 manat;
İcbari tibbi sığorta haqqı – 2.000 x 2% = 40 manat;
Ödəniləcək net əməkhaqqı - 2.000 – 252 – 60 -10 - 40 = 1.638 manat;
İcra sənədinə görə tutulmalı məbləğ – (1.638 x 20%) + (1.638 x 20%) = 655,20 manat.
06.10.2024-cü tarixdə müəssisəyə həmin işçi ilə bağlı daha bir icra sənədi daxil olur. Bu dəfə predmet aliment tutulmasıdır, faiz dərəcəsi isə əmək haqqının 40%-i olaraq müəyyən edilib.
Bu halda mühasibat bölməsi əvvəlki “X” şirkəti ilə bağlı icra sənədi üzrə tutulmanı saxlamalı, aliment tutulması ila bağlı icranı tam yerinə yetirməli, vergi borcları üzrə icra tutulmasını isə 10% həddində təmin etməlidir. İkinci icra sənədi ilə bağlı bütün tutulmalar bitdikdən sonra birinci icra sənədi üzrə tutulma davam etdirilməlidir. Çünki “İcra haqqında” Qanunun 75-ci maddəsinə əsasən, aliment tutulmaları vergi borcları üzrə, dövlət büdcəsinə vergilər üzrə borclar isə digər təşkilatlara olan borclardan daha öncəliklidir.
Aliment tutulmasından sonra vergi borclarının yalnız 10% həddində tutulmasına səbəb isə Əmək Məcəlləsinin 176-cı maddəsidir. Həmin maddəyə əsasən, əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən bütün hallarda işçinin əməkhaqqının 50%-i saxlanmalıdır. Qeyd etdiyimiz sonuncu normanın aliment tutulmalarına aidiyyəti yoxdur. Bu o deməkdir ki, üçüncü icra sənədi üzrə aliment tutulması əməkhaqqının 70%-i olaraq müəyyən edilsəydi, bu sənəd tam icra ediləcəkdi, vergi borcları ila bağlı ikinci sənəd isə icra olunmayacaqdı:
Gəlir vergisi - (2.000 - 200) x 14% = 252 manat;
MDSS – 2.000 x 3% - 60 manat;
İşsizlikdən sığorta – 2.000 x 0,5%= 10 manat;
İcbari tibbi sığorta - 2.000 x 2% = 40 manat;
Ödəniləsi net əməkhaqqı – 2000 – 252 – 60 – 10 - 40 = 1.638 manat;
İcra sənədinə görə tutulmalı məbləğ (1.638 x 40%) + (1.638 x 10%) = 819 manat.
Onu da qeyd etmək yerinə düşər ki, tutulmalar əməkhaqqından vergi, MDSS, işsizlikdən sığorta, İTS kimi icbari ödəmələr tutulduqdan sonra qalan net əməkhaqqından hesablanır.