Ölkə parlamentinin sədri Nquyen Thi Kim Nqan Baş Vergi İdarəsinin və Maliyyə Nazirliyinin rəhbərləri ilə keçirdiyi görüşdə son illərdə Vyetnamın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər əldə edildiyini bildirib. Onun sözlərinə görə, keçən il maliyyə sektorunun, xüsusən də vergi orqanlarının səyi nəticəsində dövlət büdcəsinə daxilolmalarda planda nəzərdə tutulduğundan 8 faizlik artım olub. Vergi orqanlarının məhsuldar işi, vergi inzibatçılığı sahəsində aparılan islahatlar yüksək qiymətləndirilib və qeyd edilib ki, bununla belə, iyul ayında qüvvəyə minən vergi qanunvericiliyinə dəyişikliklərin düzgün tətbiqi məqsədilə vergi əməkdaşlarına təlim keçmək üçün əlavə vəsait ayrılmalıdır.
Parlament rəhbəri vurğulayıb ki, ölkənin vergi sistemi çatışmazlıqları aşkara çıxarmaq və onları ən yaxın zamanlarda aradan qaldırmaq üçün vergilərə və digər yığımlara dair qanunvericilik aktları yenidən nəzərdən keçirilməlidir.