İlk yarımillikdə torpaqların istifadəsi ilə bağlı 3104 qanunazidd hal aşkarlanıb

2024.08.01 17:12 (UTC+04:00)

Prezident İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntuların aradan qaldırılması ilə bağlı tapşırıqlarına və müvafiq qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların təyinatına uyğun və səmərəli istifadəsinə, torpaqların əsassız zəbt olunmasına qarşı nəzarət tədbirlərini davam etdirir.

Xidmət fəaliyyət istiqamətinə uyğun olaraq ölkə ərazisində torpaqların istifadəsi ilə bağlı monitorinqlər və torpaq reydləri keçirir. Monitorinqlərin məqsədi torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.

Cari ilin yanvar-iyun ayları ərzində torpaq müfəttişləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 3104 hal aşkar edilib, 625 inzibati cərimə tərtib edilib. Bu ilin ilk 6 aylığı ərzində aparılan monitorinqlərin nəticəsinə görə, ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 1719 olmaqla Bakı şəhərinin payına düşüb.

Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər aparılıb, 7,7 ha torpaq sahəsinin zəbt olunmasının qarşısı alınaraq ilkin vəziyyətə qaytarılıb.