“Cənub Qaz Dəhlizinin (SGC) və Trans-Adriatik Boru Kəmərinin (TAP) strateji əhəmiyyəti Azərbaycanla əməkdaşlığın intensivləşməsinə və TAP-ın Avropa İttifaqına qaz tədarükünün artırılması imkanlarının genişləndirilməsinə çağıran “REPowerEU” (Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyada qalıq yanacaq istehlakını mərhələli şəkildə dayandırmaq planı) tərəfindən tanınıb”.
Bu sözləri TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) deyib.
O bildirib ki, boru kəmərinin hazırkı nominal ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir, ikiqat artırılaraq ildə 20 milyard kubmetrdən çox ola bilər. TAP-ın tutumunun genişləndirilməsi bazar iştirakçılarına açıq, şəffaf və ayrı-seçkilik olmayan bir əsasda təklif olunur. Bazar sınaqları tək ədədli ildə azı bir dəfə keçirilir və iki mərhələdən ibarətdir: icra üçün qeyri-məcburi və məcburi: “Bundan əlavə, TAP qısamüddətli sərbəst tutumları bazara təklif etməyə borcludur. Boru kəməri gündəlik əsasda qısamüddətli tutumların təklifini maksimum səviyyəyə çatdırır.
Fəaliyyətimizə başlayandan indiyədək biz 37,53 milyard kubmetrdən çox qaz nəql etmişik. Onun 2,29 milyard kubmetri Bolqarıstana, 3,63 milyard kubmetri Yunanıstana, 31,33 milyard kubmetri İtaliyaya tədarük edilib.
2024-cü ilin əvvəlindən biz 6,53 milyard kubmetrdən çox, o cümlədən Bolqarıstana 0,46 milyard kubmetr, Yunanıstana 0,60 milyard kubmetr və İtaliyaya 5,42 milyard kubmetrdən çox qaz nəql etmişik”.
TAP AG-nin icraçı direktoru bildirib ki, 2021-ci ilin bazar sınağı başa çatıb və nəticədə 1 yanvar 2026-cı il tarixinədək boru kəmərinin gücünə əlavə 1,2 milyard kubmetr əlavə edəcək öhdəliklər qəbul edilib. TAP istifadəçilərdən alınan öhdəliklərlə əlaqədar əlavə imkanlar təklif etmək üçün zəruri işləri davam etdirir.
“Report”