Vergi könüllülərinə sertifikatlar verildi

2019.07.19 17:51 (UTC+04:00)

Görüşdə Vergilər nazirinin müşaviri Elçin Məmmədov son dövrlərdə ölkədə könüllülük hərəkatının geniş vüsət almasını müsbət hal kimi dəyərləndirib, vergi orqanlarında da belə gənclərə yer ayrılmasının onlar üçün bir stimul olacağını vurğulayıb: "Vergi sistemi bir qədər fərqli sahə olduğundan burada işləmək, yenilikləri öyrənmək üçün insanın özünün marağı və həvəsi olmalıdır. Ona görə biz də çalışdıq ki, könüllü gəncləri bu sahəyə cəlb edərək işimizin maraqlı tərəflərini onlara göstərək. Bu həm də gənclərə gələcəkdə sevdikləri peşə sahəsində işləməyə imkan verə bilər".

Bildirilib ki, Vergilər Nazirliyinin strukturlarında könüllü kimi çalışmaq üçün ilkin mərhələdə 30 nəfər gənc müraciət edib. Onlardan 19 nəfəri bu istəklərini gerçəkləşdirərək xidmət mərkəzlərində birbaşa vətəndaşlarla ünsiyyətdə olublar. Həmin gənclərdən 10 nəfəri könüllü kimi fəaliyyətini davam etdirəcək. Bundan əlavə, 60 nəfərə yaxın gənc də vergi orqanlarında könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edib. Görüşdə könüllülərə vergi orqanlarında işə qəbul olmağın qaydaları da izah edilib.

Tədbirdə çıxış edən könüllülər fəaliyyətləri dövründə qazandıqları təcrübəni bölüşüb, rastlaşdıqları çətinlikləri aydınlaşdırıblar. Sonda onlara sertifikatlar təqdim edilib, gələcək işlərində uğurlar arzulanıb.

Xatırladaq ki, artıq bununla bağlı nazirliyin rəsmi saytında ayrıca bölmə yaradılıb. Könüllü kimi vergi orqanlarında çalışmaq istəyən şəxslər həmin səhifədən ətraflı məlumat ala bilərlər.