Mərkəzi Bank: Büdcə xərclərinin artımı əhəmiyyətli inflyasiya təzyiqi yaratmayacaq

2024.07.31 11:36 (UTC+04:00)

İlkin qiymətləndirmələrə görə, 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmə nəticəsində xərclərin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bununla belə, ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılır.

Ümumilikdə mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Yenilənmiş proqnozlara görə, mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 faiz, 2025-ci ildə isə 5,5 faiz olacağı gözlənilir.