Kanada Vergi ombudsmanlığı ilə onlayn formatda görüş keçirilib. Görüşdə Kanadanın vergi ombudsmanı Frensis Boylü ilə yanaşı komandasında təmsil olunan əməkdaşlar, Azərbaycan tərəfdən isə Vergi ombudsmanı Elçin Məmmədov, Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev və digər şəxslər iştirak ediblər.
Baş idarə rəisi Arif Quliyev Azərbaycanda Vergi ombudsmanı institutunun təsis olunması, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və perspektivlər barədə ətraflı məlumat verib. Öz növbəsində, Kanadanın Vergi ombudsmanı Frensis Boylü vergi ödəyicilərindən şikayətlərin ilkin daxil olması mexanizmləri, araşdırılması və cavablandırılması, prosesin ümumilikdə izlənməsi qaydaları ilə bağlı ölkəsinin təcrübəsini bölüşüb. Belə bir görüşün baş tutmasından məmnunluğunu ifadə edən Vergi ombudsmanı Elçin Məmmədov müsbət təcrübələrin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüş zamanı ən yaxşı təcrübələrin tətbiqi istiqamətində işlərin görülməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 3.1-ci bəndinə əsasən, Vergi ombudsmanı institutunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə, vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində ən yaxşı təcrübələrin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.