“Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin yeni reytinqi bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyyatında dayanıqlı inkişaf qorunub saxlanılır və bu da növbəti illər üçün iqtisadi artım meyillərinin güclənəcəyindən xəbər verir”.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dünyanın aparıcı kredit reytinq agentliklərindən biri olan “Fitch Ratings” reytinqləri müəyyənləşdirən zaman çox fərqli faktorları, o cümlədən maliyyə sabitliyini, ölkəyə daxil olan valyutanın həcmini, fiskal gəlirləri və xarici faktorları nəzərə alır.
Azərbaycanın xarici partnyorlarının olmasını çox vacib sayan iqtisadçı agentlik tərəfindən uzunmüddətli xarici valyutada reytinqin artırılmasını müsbət hal kimi dəyərləndirib. Onun fikrincə, bu, ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar iqtisadiyyatdakı dayanıqlığa və inklüzivliyə pozitiv təsir göstərir, islahatlar getdikcə dərinləşir: “ İqtisadiyyatın daha çox şaxələnməsi prioritet olsa da, maliyyə sabitliyinin olması da çox önəmlidir. Azərbaycanda sabitliyin qorunub saxlanılması ölkəmizin kredit reytinqinə təsir göstərir. Maliyyə sabitliyi həm də ölkəyə daxil olan valyutanın həcmi, optimallığın qorunub saxlanılması və s. kimi faktorları özündə ehtiva edir. Azərbaycan artıq uzun müddətdir ki, maliyyə sabitliyini qoruyub saxlayır, digər tərəfdən, ölkəyə daxil olan valyutanın həcminin artması həm də fiskal gəlirlərimiz və özəl sektorumuz üçün yeni imkanlar yaradır”.
Qeyd edək ki, “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin hazırladığı reytinqdə Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqi bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilib.