Namiq Şalbuzov: “Türkdilli dövlətlərdə eyni brend altında istehsalın təşkili mümkündür” MÜSAHİBƏ

2024.07.29 11:50 (UTC+04:00)

- Namiq müəllim, TDT-yə üzv ölkələrdə vahid brend altında istehsalın yaradılması ideyası nədən qaynaqlanır?

- Bildiyiniz kimi, TDT-yə üzv ölkələrin əhalisi 150 milyondan artıqdır ki, bu da dünya əhalisinin 2%-ni təşkil edir. Bu ölkələr üzrə kənd təsərrüfatında məşğul əhalinin sayı təxminən 12 milyon nəfər təşkil edir ki, bu da dünyada məşğul əhalinin 1,4%-i deməkdir. Bizim 290 milyon hektardan çox kənd təsərrüfatına yararlı torpaqlarımız var və bu, dünya üzrə göstəricinin 6,1%-nə bərabərdir. Müqayisə üçün deyim ki, təxmini hesablamalara görə, dünyada fındığın 70%-i (700 min ton), heyvanın 45%-i (300 min ton), əriyin 35%-i (1 milyon ton), albalıların 30%-i (1 milyon ton), əncirin 25%-i (350 min ton), xurmanın isə 20%-i (850 min ton) TDT üzvü olan ölkələrdə istehsal olunur.

- Vahid brendin yaradılmasından hansı gözləntilər var? Bunun iqtisadiyyata nə kimi xeyiri olacaq?

- Gözləntilərdən danışarkən, bununla bağlı qarşıya qoyulmuş məqsədləri nəzərdən keçirmək vacibdir. Təşəbbüsün məqsədlərinə isə bir-biri ilə sıx qarşılıqlı əlaqəli olan aşağıdakı istiqamətləri daxil edə bilərik:

Onu da vurğulayım ki, daha öncə qeyd etdiyim kimi, dünya üzrə ümumi istehsalda xüsusi çəkiyə malik məhsulların istehsalının vahid brend altında təşkili və dünya bazarına çıxarılması daha perspektivli ola bilər.

TDT-yə üzv ölkələrin əhalisi 150 milyondan artıqdır ki, bu da dünya əhalisinin
2%-ni təşkil edir. Bu ölkələr üzrə kənd təsərrüfatında məşğul əhalinin sayı
təxminən 12 milyon nəfər təşkil edir ki, bu da dünyada məşğul əhalinin
1,4%-i deməkdir. Bizim 290 milyon hektardan çox kənd təsərrüfatına
yararlı torpaqlarımız var və bu, dünya üzrə göstəricinin 6,1%-nə bərabərdir

- Eyni məhsul müxtəlif türkdilli dövlətlərdə eyni brend altında istehsal oluna bilərmi?

- Əlbəttə, eyni brend altında istehsalın təşkili mümkündür. Bunun reallaşdırılması üçün TDT-yə üzv olan və müşahidəçi dövlətlərdə bu istiqamətdə müştərək layihələrin sayının artırılması, standartların harmonizasiyası, sərhədyanı əməkdaşlığın genişləndirilməsi, texnologiya və təcrübə mübadiləsinin gücləndirilməsi və ticarətin asanlaşdırılması vacib amillər kimi qarşıda durur.

- Təşkilata üzv dövlətlərin gələcək əməkdaşlıq mexanizmləri hansılardır?

- Bildiyiniz kimi, TDT-nin bu yaxınlarda Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının Qarabağ Bəyannaməsi çərçivəsində aşağıdakı əsas əməkdaşlıq istiqamətləri müəyyən edilib:

* Müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması;

* Ticarət həcmlərini artırmaq, limanlara, dəmir yolu və avtomobil yollarına, logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etmək;

* Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Transxəzər marşrutu vasitəsilə üzvlər arasında regional əlaqə və inteqrasiyanı gücləndirmək;

* Nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və bu sahədə rəqəmsallaşmanı tətbiq etmək;

* Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, bu marşrut üzrə mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin təkmilləşdirilməsini sürətləndirmək;

* Bu il iyunun 6-da imzalanmış “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi”nin təşviqində əməkdaşlıq etmək.

- Yaxın perspektivdə sadaladığınız istiqamətlər üzrə hansı tədbirlər həyata keçirilə bilər?

- Məsələn, standartların və qaydaların uyğunlaşdırılması bu tədbirlərdən biri ola bilər. Vahid standartlar, başqa sözlə, asan ticarəti asanlaşdırmaq və üzv dövlətlər arasında məhsulun keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün ümumi kənd təsərrüfatı standartlarının yaradılması mümkündür. Ticarət maneələrini azaltmaq və transsərhəd əməliyyatlarını sadələşdirmək üçün kənd təsərrüfatı siyasəti və qaydaları uyğunlaşdırılmalıdır.

İkinci istiqamət olaraq, ümumi kənd təsərrüfatı bazarının inkişafı üçün azad ticarət sazişlərinin imzalanması ləngidilməməlidir. Ölkələr tarifləri və digər ticarət maneələrini aradan qaldırmaq üçün kənd təsərrüfatı məhsullarına yönəlmiş azad ticarətlə bağlı müvafiq razılaşmaları müzakirə edib həyata keçirməlidirlər.

Üçüncü istiqamət kimi, fikrimcə, Regional Ticarət Qovşağının yaradılması çox vacibdir. Paylanma və logistikanı mərkəzləşdirmək, səmərəliliyi artırmaq, xərcləri azaltmaq üçün bu, əsas prioritetlərdən biri olmalıdır.

Dördüncü istiqamət olaraq, birgə tədqiqat və inkişaf proqramları işlənib hazırlanmalıdır. Kənd təsərrüfatının innovasiyası üçün bitkiçilik, zərərvericilərə qarşı mübarizə və davamlı əkinçilik təcrübələri kimi sahələrdə yenilik etmək məqsədilə tədqiqat və inkişaf istiqamətlərində əməkdaşlıq əhəmiyyətlidir. Məhsuldarlığı və davamlılığı artırmaq üçün kənd təsərrüfatı texnologiyaları və ən yaxşı təcrübələrin mübadiləsini asanlaşdırmaq lazımdır.

Regional Ticarət Qovşağının yaradılması çox vacibdir.
Paylanma və logistikanı mərkəzləşdirmək, səmərəliliyi artırmaq,
xərcləri azaltmaq üçün bu, əsas prioritetlərdən biri olmalıdır

Digər prioritet istiqamətlərə uyğun olaraq, infrastrukturun inkişafı, kənd təsərrüfatı təchizat zəncirlərinin səmərəliliyini artırmaq üçün nəqliyyat və logistika infrastrukturuna sərmayə qoyulmalıdır. Məhsul yığımından sonrakı itkiləri azaltmaq və ardıcıl təchizatı təmin etmək üçün ümumi saxlama və anbar obyektləri inkişaf etdirilməlidir.

Bundan başqa, bilik və bacarıqları artırmaq məqsədilə fermerlər və kənd təsərrüfatı işçiləri üçün birgə təlim proqramları təşkil edilməlidir. Üzv dövlətlərdə kənd təsərrüfatı mütəxəssisləri arasında məlumat və təcrübə mübadiləsi üçün platformalar yaradılmalıdır. Ölkələr uzunmüddətli ərzaq təhlükəsizliyini və ətraf mühitin sağlamlığını təmin etmək üçün davamlı kənd təsərrüfatı təcrübələrini təşviq etməlidirlər. Kənd təsərrüfatında üzvi əkinçilik və bərpaolunan enerjidən istifadə kimi yaşıl təşəbbüslər üzərində əməkdaşlıq aktual məsələlərdəndir. Kooperativlərin inkişafı, sövdələşmə gücünü və bazara çıxışı yaxşılaşdırmaq üçün müvafiq kooperativlərin formalaşdırılması və gücləndirilməsi təşviq olunmalı, fermerlərin və aqrobiznesin maraqlarını təmsil etmək üçün regional ticarət assosiasiyaların yaradılması dəstəklənməlidir. Eyni zamanda, kənd təsərrüfatı icmaları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün mədəni və təhsil mübadilə proqramları təşviq olunmalı, məhsulları nümayiş etdirmək, yenilikləri bölüşmək və şəbəkələr qurmaq üçün regional kənd təsərrüfatı festivalları və yarmarkaları təşkil olunmalıdır.

- Sizcə, üzv dövlətlər arasında bazar informasiya sistemləri necə qurula bilər?

- Qiymətlər, tələb proqnozları və istehsal statistikası da daxil olmaqla, kənd təsərrüfatı bazarı ilə bağlı ortaq məlumat bazasının hazırlanması əsas amillərdəndir. Fermerlərə əsaslandırılmış qərarlar qəbul etməyə, istehsal və marketinq strategiyalarını optimallaşdırmağa kömək etmək üçün bazar məlumatlarına çıxış imkanları təkmilləşdirilməlidir. Bununla yanaşı, üzv dövlətlər arasında kənd təsərrüfatı layihələrini və investisiyaları dəstəkləmək məqsədilə birgə maliyyələşdirmə proqramları yaradılmalı, fermerləri məhsul çatışmazlığı və təbii fəlakətlər kimi risklərdən qorumaq üçün müvafiq sığorta sxemləri hazırlanmalıdır.

İlhamə İSABALAYEVA