Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir.
Maliyyə Nazirliyindən bildirilib ki, 8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşaxəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür.
Maliyyə Nazirliyi əvvəlki qiymətləndirmələrdə beynəlxalq reytinq agentliklərini ölkəmizin reytinqləri məsələsində xəsislik nümayiş etdirməkdə qınamışdı. Sevindirici haldır ki, artıq “Fitch Ratings” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul edib.
Ümidvarıq ki, digər beynəlxalq kredit reytinq agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər.
“Fitch Ratings” agentliyinin hesabatı ilə linkdə tanış ola bilərsiniz.
AZƏRTAC