Ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

2024.07.26 10:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standartlar əsasında ekologiya sahəsi üzrə 3 yeni dövlət standartı qəbul edilib.

İnstitutun məlumatına görə, Almaniyanın Metrologiya İnstitutu ilə birgə hazırlanan dövlət standartlarının tətbiqi, müəssisələr və təşkilatlar üçün istixana effekti yaradan qazların emissiyalarının azaldılmasına dair effektiv strategiyaların hazırlanmasına imkan yaradacaq.

Qəbul edilən dövlət standartları:

- AZS ISO 14064-1:2024 “İstixana effekti yaradan qazlar – Hissə 1: İstixana effekti yaradan qazların emissiyalarının və təmizlənməsinin kəmiyyət analizi və hesabat verilməsi üçün təşkilat səviyyəsində texniki xüsusiyyətlər və təlimat”;

- ISO 14064-2:2024 “İstixana effekti yaradan qazlar – Hissə 2: İstixana effekti yaradan qazların emissiyalarının azaldılmasına və ya təmizlənməsinin artırılmasına dair kəmiyyət analizi, monitorinq və hesabatla bağlı layihə səviyyəsində təlimatlarla texniki xüsusiyyətlər” ;

- AZS ISO 14064-3:2024 “İstixana effekti yaradan qazlar – Hissə 3: İstixana effekti yaradan qazlar haqqında bəyanatların verifikasiya və validasiyası üzrə texniki xüsusiyyətlər və rəhbəredici göstərişlər” yeni dövlət standartları qəbul edilib.

Sözügedən standartlar standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.