Azərbaycan və Qətər şirkətləri arasında saziş imzalanıb

2024.07.25 16:22 (UTC+04:00)

Azərbaycan sahibkarlarının Birləşmiş Ərəb Əmirliklərində təsis etdiyi “Green Capital Management” şirkəti və Qətərin “Al Baladi Holding”i arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.

Bakıda keçirilən "Qətər bütün dünya üçün" adlı tədbir çərçivəsində imzalanmış sənəd Azərbaycanda Qətər franşizalarının yaradılmasını, o cümlədən iki ölkənin işgüzar dairələri arasında ticarət əlaqələrinin genişləndirilməsini, potensial əməkdaşlıq imkanlarının inkişaf etdirilməsini, investisiya qoyuluşunu, qarşılıqlı layihələrin təşviqini nəzərdə tutur.

Tədbirdə çıxış edən “Al Baladi Holding”in icraçı direktoru Hany Al Sayyadi, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin müşaviri Eldəniz Musayev bu il Azərbaycan və Qətər arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, ölkələrimiz arasında iqtisadi və işgüzar münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, hər iki ölkə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır və bugün imzalanan sənəd də bu istiqamətdə əlaqələri daha da intensivləşdirəcəkdir.

Qeyd edək ki, Qətər bazarında Azərbaycan məhsullarına tələbat var, Qətər investorları ölkəmizə maraq göstərir. 2022-ci ildə Dohada Azərbaycan Ticarət Evinin istifadəyə verilməsi də buna öz müsbət təsirini göstərir. Son dörd ayda Dohadakı Azərbaycan Ticarət Evi tərəfindən ölkəmizdən 400 tondan çox meyvə və tərəvəz idxal edilib. Ticarət evi Azərbaycanın məhsul və xidmətlərinin tanıdılmasına, Qətər sahibkarlarının Azərbaycanın iqtisadi-ticarət potensialı barədə məlumatlanmasına öz töhfəsini verir.