Azərbaycan və Vyetnamın təşkilatları və şirkətləri arasında sənədlər imzalanıb

2024.07.24 12:30 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Vyetnam Sahibkarlıq Milli Assosiasiyası (VINEN) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Azərbaycan və Vyetnam sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya sahəsində əlaqələrin inkişafına dəstək məqsədilə "Bakı KOB evi"ndə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə Vyetnam və Azərbaycan iş adamları, eləcə də yerli biznes assosiasiyalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə, KOBİA-nın, VINEN-nin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) nümayəndələri iştirak ediblər. Çıxışlarda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün perspektivlər, Azərbaycanın biznes və investisiya mühiti, iş adamları arasında əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün imkanlar barədə məlumat verilib.

Tədbir çərçivəsində VINEN və AQİSA, "Canet" MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolları imzalanıb, Azərbaycan və Vyetnam iş adamları arasında birbaşa əlaqələrin qurulması ilə bağlı müzakirələr aparılıb.