Ölkədaxili nağdsız əməliyyatların həcmi açıqlanıb

2024.07.23 14:07 (UTC+04:00)

Bu ilin iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 224 min ədəd artaraq 18,9 milyonu ötüb.

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,3 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 21,5 faiz, kredit kartları üzrə 12,6 faiz təşkil edib.

Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artıb.

Cari ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,103 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,122 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 972 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62,5 faizini təşkil edib.