Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində yanacaq paylayan kolonkaların üzərində də QR kodların yerləşdirilməsi və cihazın düzgünlüyü barədə məlumatlılıq təmin edilib.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına İnstitutun baş direktoru Xamis Seyranov deyib.
Onun sözlərinə görə, AzMİ bu istiqamətdə fəaliyyətini genişləndirərək digər mühüm istehlak sahələrində də müvafiq kodların tətbiqini davam etdirəcək.
“Artıq bir müddətdir ki, “Araz” supermarketlər şəbəkəsi və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tərəzilərin üzərinə QR kodlar yerləşdirilib. Məlumdur ki, dövlət tənzimlənməsi sahələrində istifadəsi nəzərdə tutulan tərəzilər istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Qeyd olunan sahələrdə tərəzilərdən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim etməlidirlər. Bu xüsusda, tərəzilərin metroloji qayda və normalara uyğunluğu müəyyən edildikdən sonra ölçmə vasitələrinin üzərinə yerləşdirilən QR kodlarla onların metroloji xarakteristikalarının dəqiqliyinə təminat verilir. Belə ki, istehlakçılar QR kodları oxudaraq həmin ölçmə vasitəsinin xətasızlığı barədə şəhadətnamə ilə tanış olurlar”, - X.Seyranov qeyd edib.