Sənaye zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata keçirilib

2024.07.22 15:55 (UTC+04:00)

Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, 2015-ci ildən 2024-cü ilin I yarımili ərzində sənaye zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ilin birinci yarısında sənaye zonalarında 1,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 477 milyonluq hissəsi ixracın payına düşür.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib.

Eyni zamanda sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,04 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manata yaxın investisiyanın yatırılması və 7100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.