Ağdam Sənaye Parkının rezidenti 10-a yaxın layihə həyata keçirib

2024.07.19 15:30 (UTC+04:00)

Ağdam Sənaye Parkının rezidenti “Veliev” MMC indiyədək 10-a yaxın layihə həyata keçirib. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Veliev” MMC-nin şöbə müdiri Coşqun Ağasiyev deyib.

Onun sözlərinə görə, ötən ildən etibarən “Veliev” MMC “Betonist” markası adı altında prefabrik dəmir-beton məmulatlarının istehsalına başlayıb. Çox uzunömürlü olan, qulluq tələb etməyən, quraşdırılması çox sürətli başa gələn bu məmulatlardan anbarların, istehsalat binalarının inşasında və sənaye zonalarının yaradılmasında istifadə edilir: “Artıq Ağdam Sənaye Parkında bir neçə layihəni təhvil vermişik, daha bir neçə layihə üzərində isə işlər aparılır. Bu layihələrdən biri “Araz Vadisi İqtisadi Zonası”nda xarici işıqlandırma elektrik dirəklərinin quraşdırılması ilə bağlıdır”.

C.Ağasiyev istehsal üçün lazım olan xammalın yerli istehsal olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə bölgədə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin təmin edilməsi məqsədilə yaradılıb. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.