Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Şəki şəhərində keçirilir. Yarmarkada Qax, Balakən, Şəki və Qəbələdən olan 70-dən çox mikro və kiçik sahibkarın məhsul və xidmətləri nümayiş olunur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, yarmarkada ipək kəlağayı və xalçalar, lavanda, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş məhsullar, keramika, suvenir və bijuteriyalar, sərinləşdirici içkilər, müxtəlif əl işləri, rəssamlıq nümunələri, dəri üzərində tikmə, taxta üzərində oyma və s. məhsullar sərgilənir və satışı həyata keçirilir.
Sərgi-satış yarmarkası iyulun 20-dək hər gün saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilir. Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunan “KOB FEST”lərdə məhsul və xidmətlərini təqdim etmək və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri üçün lazımi şərait yaradılır, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır.
Növbəti “KOB FEST” sərgi-satış yarmarkasının Gəncə şəhərində keçirilməsi planlaşdırılır.