Sumqayıt Kimya Sənaye Parkında 2 yeni müəssisə fəaliyyətə başlayacaq

2024.07.17 12:17 (UTC+04:00)

Bu il Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 2 müəssisənin (“Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin və “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisələri) fəaliyyətə başlaması nəzərdə tutulur.

Bunu bu gün keçirilən media turda İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin Rezidentlərə dəstək şöbəsinin müdiri Kamran Rəhimli deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazın ən böyük sənaye parkı olan SKSP-də ümumi investisiya həcmi 6,2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda parkda 24 müəssisə fəaliyyət göstərir. Bu il isə daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Yeni fəaliyyətə başlayacaq müəssisələr tərəfindən SKSP-yə ümumilikdə 40 milyon manata yaxın investisiya qoyulmaqla 300-dən artıq əlavə iş yeri yaradılacaq.

İndiyədək Sənaye Parkına 5,5 milyard manatdan çox sərmayə yatırılıb, 6800-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 554 milyon manat investisiyanın yatırılması, 2200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək parkın rezidentləri tərəfindən ümumilikdə 11,6 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 4,1 milyard manatdan çox hissəsi (təxminən 35,3 faizi) ixracın payına düşür.

Cari ilin birinci yarısında SKSP-də 1,3 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 455 milyon manatlıq hissəsi ixrac edilib.