2025-ci ildə Azərbaycanın “Printech paper” şirkəti qəbzlər üçün istifadə edilən termal kağızların istehsalına başlamağı planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şirkətin direktoru İlkin Əlləzov deyib.
Onun sözlərinə görə, Rusiyadan adi kağız alaraq ondan termal kağızlar istehsal etmək nəzərdə tutulur. Hazırda termal kağızlar üçün əsas xammal, əsasən, Çindən, müəyyən qismi isə Qazaxıstandan idxal edilir. Şirkət bu ölkələrdən ayda 40 ton hazır termal kağız gətirir, istehsal zamanı həmin kağızlar kiçik hissələrə ayrılaraq 48 və 55 qramlıq hazır məhsul formasına salınır.
“Printech paper” hazırladığı termal kağızları Birləşmiş Ərəb Əmirliklərinə ixrac edir. Hazırda ixracın genişləndirilməsi üçün işlər aparılır: “Səudiyyə Ərəbistanına, eyni zamanda termal kağızla bağlı çətinlikləri olan bəzi Avropa ölkələrinə məhsul ixrac etməyi düşünürük. Hazırda Rusiya bazarında da termal kağızlara böyük tələbat var. Düşünürük ki, gələcəkdə oraya da məhsul göndərək”.