Heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb

2024.07.15 13:01 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6019,7 milyon manat təşkil edib ki, onun da 3138,7 milyon manatı heyvandarlıq, 2881,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 1,4 faiz azalıb.

Cari ilin ilk 6 ayında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1134,1 min ton süd, 1189,1 milyon ədəd yumurta istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 1 faiz, yumurta istehsalı 7,4 faiz artıb.