Azərbaycanın fasad dübellərinin yeganə istehsalçısı olan “Caspian Energy Group” şirkəti Gürcüstana məhsul ixracına başlayıb.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “İlin istehsalçısı” nominasiyası üzrə “Dayaq” mükafatına layiq görülən, Azərbaycanın iri inşaat materialları idxalçılarından biri olan “Caspian Energy Group” şirkətinin direktoru Natiq Aydayev deyib.
Onun sözlərinə görə, “Euroizol” markası altında istehsal edilən fasad dübelləri izolyasiya məhsullarını fasada montaj etmək üçün istifadə edilir. Bu məhsul əvvəllər Azərbaycana idxal edilirdi.
Şirkət ilk mərhələdə Gürcüstana nisbətən az həcmdə məhsul göndərsə də, gələcəkdə bu ölkəyə ixracı artırmağı, eyni zamanda Rusiya, Özbəkistan və Qazaxıstana da ixraca başlamağı planlaşdırır.
“Məhsullarımızı "Made in Azerbaijan" brendi altında daha çox xarici ölkə bazarına çıxarmağı qarşımıza məqsəd qoymuşuq”, - deyən N.Aydayev əlavə edib ki, istehsalı 3 müxtəlif istiqamət üzrə qurublar. Hazırda “CPS” markası altında alçıpan profilləri və aksesuarları fabrikində 8 adda, “Euroizol” markası altında fasad dübelləri fabrikində 3 adda və “CEG” markası altında plastik meyvə yeşikləri fabrikində 4 adda məhsul istehsal edilir: “Şirkətimiz 2010-cu ildən fəaliyyət göstərsə də, istehsalla 2 ildir ki, məşğuldur. Bununla yanaşı, 400-dən çox çeşiddə yüksək keyfiyyətli müxtəlif izolyasiya və inşaat materialları idxal edirik. Amma gələcəkdə idxal etdiyimiz məhsulların bir çoxunu istehsal etməyi düşünürük. Hazırda bu istiqamətdə işlər görülür”.
N.Aydayev qeyd edib ki, “Caspian Energy Group” hazırda istehsal gücünün 40-50 faizi həcmində məhsul buraxır. Cari ilin sonuna kimi istehsalın həcminin 20-30 faiz artırılması proqnozlaşdırılır.