Satış üçün tikilən binalara görə əmlak vergisi ödənilməlidirmi?

2024.07.15 11:13 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisi məqsədləri üçün vergitutma obyektidir. Vergi Məcəlləsinin 13.2.17 maddəsinə uyğun olaraq, əsas vəsaitlər - istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli maddi aktivlərdir.

Nəzərinizə çatdırırıq ki, bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş binalar satış məqsədli olduğu üçün amortizasiya olunmur, belə ki, əsas vəsait sayılmır. Başqa sözlə, sorğuda qeyd olunan satış üçün tikilmiş binalar əmlak vergisi məqsədləri üçün vergitutma obyekti deyil.