İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan, İmişli rayonunda yerləşən aqroparkın 5826 hektarlıq təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsinə dair müqavilə imzalanıb. Müqaviləni İmişli Rayоn İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, “TST Textile Group” MMC-nin rəhbəri Rahib İsayev imzalayıblar.
“TST Textile Group” MMC tərəfindən 5826 hektarlıq ərazidə pambıq sahəsi salınacaq, bu isə ölkəmizdə sözügedən sahənin inkişafında mühüm rol oynayacaq. İlkin mərhələdə pambıq sahəsinin yaradılmasına 28,7 milyon manat investisiya yatırılacaq.
Bundan başqa, 2025-2029-cu illər ərzində şirkət tərəfindən pambıq emalı, iplik, toxuculuq və tikiş fabriklərinin, həmçinin pambıq yağı zavodunun qurulması nəzərdə tutulur.
Bununla bağlı İmişlidə keçirilən tədbirdə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov, həmçinin hər iki ölkədən olan dövlət qurumlarının nümayəndələri, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları iştirak ediblər.
Qeyd olunub ki, pambıq emalı və yağ zavodları İmişli rayonu ərazisində yerləşən 5826 hektar torpaq sahəsində, iplik, toxuculuq və tikiş fabrikləri isə Mingəçevir Sənaye Parkının ərazisində yaradılacaq. Layihə çərçivəsində xammaldan son məhsul istehsalına kimi proseslər həyata keçiriləcək, bu da klasterləşmənin qurulmasına təkan verəcək.
Ümumi investisiya həcmi 92,5 milyon manat təşkil edən layihə çərçivəsində 1130 nəfərlik iş yerinin yaradılması planlaşdırılır. Layihənin həyata keçirilməsinə şəxsi vəsaitlə yanaşı, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu tərəfindən də vəsait ayrılması nəzərdə tutulur.
Beləliklə layihənin həyata keçirilməsi ölkədə pambıqçılıq sahəsində ilk dəfə olaraq Özbəkistan təcrübəsi əsasında klasterləşmənin formalaşmasına gətirib çıxaracaq.
Qeyd edək ki, “TST Textile Group” MMC Özbəkistanın “Tukımachı Sanoat Tekstıl” MMC-i tərəfindən Azərbaycanda yaradılmış özbək kapitallı şirkətdir.
AZƏRTAC