2024-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz və ya 237,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1,8 milyard manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 100 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 faiz artaraq 74,6 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 7,7 faiz artaraq 486,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,3 faiz artaraq 340,6 milyon manatdan çox olub.