İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “barter” dedikdə malların (işlərin və ya xidmətlərin) mübadiləsi nəzərdə tutulur. Hər hansı fiziki və ya hüquqi şəxs aldığı malların (işlərin və ya xidmətlərin) qarşılığında qarşı tərəfə pul vəsaiti deyil, müvafiq olaraq, mallar (işlər və ya xidmətlər) təqdim edir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən, barter (mal mübadiləsi) zamanı vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri vergi ödəyicisinin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.
Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.
Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Torpağın təqdim edilməsi ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.