Bakıda İnnovasiya və Texnologiya Festivalı keçiriləcək

2024.07.04 14:03 (UTC+04:00)

İyulun 23-də Bakıda "iFest" İnnovasiya və Texnologiya Festivalı öz işinə başlayacaq. "Yaşıl texnologiya - yaşıl dünya naminə" şüarı altında təşkil olunan festivalda, startaplarla yanaşı, investorların da iştirakı gözlənilir.

Bu barədə keçirilən mətbuat konfransında Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova məlumat verib. Onun sözlərinə görə, festivalın əsas məqsədi texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını həyata keçirməkdir.

"Festival müddətində müxtəlif tədbirlər - startapların təqdimatları (Pitching), investorlarla görüşlər, Startap Forumunun təqdimatı, texnologiya şirkətlərinin və startapların sərgisi, həmçinin texnoloji şou və konsert proqramları keçiriləcək. Tədbirdə texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər, həmçinin MVP mərhələsinə çatmış startaplar öz stendləri ilə birgə təmsil olunacaqlar. Bununla yanaşı, yerli və xarici vençur fondları və mələk investorları da festivalda öz yerini alacaq". O əlavə edib ki, Startap Forumuna Rusiya, Qazaxıstan, Özbəkistan və Türkiyədən olan investorların qatılacağı gözlənilir.

KOBSKA-nın icraçı direktoru Əziz Məmmədov startapların fəaliyyət istiqamətlərinə toxunaraq bildirib ki, hazırda startapçılar daha çox fintex sektoruna maraq göstərirlər. İkinci yerdə aqro və təhsil sektorunda yaradılan startaplar yer alır.