Bu ilin yanvar-iyun ayları ərzində keçirilən aqrar biznes festivalları çərçivəsində 18 şirkət və fərdi sahibkar tərəfindən 3,5 milyon manat həcmində satış həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hesabat dövründə 10 rayonda keçirilən aqrar biznes festivallarına 6756 fermer qatılıb.
Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallarda ümumilikdə 29 dövlət qurumu və 112 özəl şirkət təmsil olunub.
Şirkətlər tərəfindən əsasən traktorlar, konteyner daşıyan qoşqular, meyvə yığan platformalar, tunel tipli ön soyutma sistemləri, hava ilə soyutma avadanlıqları, fındıq toplayan aqreqatlar, bağ ləvazimatları, toxum, ting, arıçılıq məhsulları, qurudulmuş meyvə satışı gerçəkləşdirilib.
Festivallar çərçivəsində fermerlər üçün kredit yarmarkaları təşkil olunub. Kredit yarmarkalarında 13 bank və 1 bank olmayan kredit təşkilatı öz məhsulları barədə fermerlərə məlumat veriblər. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti aqrar biznes festivalları iyul ayı ərzində Gədəbəy və Yardımlı rayonlarında keçiriləcək.