“Baku ID” festivalı başa çatıb

2024.07.02 10:58 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) əsas tərəfdaşı olduğu “Bakı İnvestisiya Günü” festivalı başa çatıb.

Mərkəzin məlumatına görə, 2 gün davam edən tədbirdə 200-dən artıq yerli və xarici investor, 100-dən artıq yerli və xarici startap, 6 mindən çox iştirakçı və 50-dən artıq tərəfdaş iştirak edib.

Festivalın sonuncu günü 4SİM tərəfindən “Süni intellekt inqilabı: Startap ekosistemində çətinliklərin aradan qaldırılması və fürsətlərdən yararlanma” panel sessiyası təşkil olunub. Sessiyada çıxış edən spikerlər davamlı inkişaf və innovasiya üçün süni intellektin startaplara yaratdığı imkanlar və çağırışlar haqqında öz fikirlərini bölüşüblər.

Tədbirin bağlanış mərasimində startap yarışmasının qalibləri elan olunub və 12 startapın hər birinə 100 min ABŞ dolları investisiya mükafatı təqdim olunub. 4SİM-in icra etdiyi “KOB və startaplar üçün rəqəmsal investisiyaların cəlbi” layihəsinin iştirakçısı olan “NexusLAB” startapı mükafatçılardan biri olub.

Festival çərçivəsində 4SİM və Sabah HUB İnnovasiya Mərkəzi arasında startap ekosisteminə dəstəklə bağlı Anlaşma Memorandumu imzalanıb. 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Sıfır emissiyaya nail olmaq üçün startapların artan rolu” panelində spiker kimi çıxış edib. Həmçinin festival iştirakçıları “4Sİ Akademiyası” çərçivəsində Coursera platformasında təklif olunan kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazanıblar.