Yanvar-iyun ayları ərzində 361,3 milyon manat sığorta haqları toplanıb

2019.07.18 14:39 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən bildirilib ki, könüllü sığorta bazarı üzrə haqlar 241,8 milyon manat, ödənişlər 83,3 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 119,5 milyon manat, ödənişlər isə 35,8 milyon manat olub. Yanvar-iyun aylarında sektor üzrə məcmu sığorta haqlarının 66,9 faizi könüllü, 33,1 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 69,9 faizi könüllü, 30,1 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin 6 ayı ilə müqayisədə qeyri-həyat sığortasının könüllü növləri üzrə sığorta haqlarında 3 faiz (3,9 milyon manat), icbari növləri üzrə sığorta haqlarında 7 faiz (5,9 milyon manat) artım müşahidə edilib. Qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta üzrə 19 faiz (10,4 milyon manat), avtonəqliyyat vasitələrinin sığortası üzrə 31 faiz (3,9 milyon manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6 faiz (2,7 milyon manat) və daşınmaz əmlakın icbari sığortası üzrə isə 17 faiz (2,6 milyon manat) olub.
Həyat sığortasının icbari növü üzrə isə 19 faiz (4,1 milyon manat) artım qeydə alınıb.