“İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bugünədək 43 obyekt fəaliyyətə başlayıb, 350-ə yaxın şəxs işlə təmin edilib”. Bunu Şuşada təşkil olunan "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Onun sözlərinə görə, potensial investorlarla aparılan danışıqlara əsasən, obyektlərin sayının 80-ə, iş yerlərinin sayının isə 1350-ə çatdırılması planlaşdırılır.
E.Yusubov bildirib ki, bu gün əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafı, sürətli reinteqrasiyanı təmin etməkdir. İqtisadi fəaliyyətin əsas subyektləri olan sahibkarlar tərəfindən azad edilmiş ərazilərə investisiya qoyuluşları ümumi məqsədlərə nail olmağa yardım edir. Xüsusi nümayəndə qeyd edib ki, ümumilikdə ilkin inventarlaşdırma işlərinə əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalıda 462 sahibkarlıq obyekti və müəssisəsi müəyyən edilib. Bu obyektlərin fəaliyyətinin bərpası və yenidən istifadəyə verilməsi hazırda qarşıda duran prioritet məsələlərdəndir: “Buraya investisiya qoymağa maraq göstərən investorları əməkdaşlığa dəvət edir, onların fəaliyyətinə dəstək göstəriləcəyini bildirmək istəyirəm. Fəaliyyətində şəffaflığı əsas tutan sahibkarlar üçün bu ərazilərdə münbit biznes mühiti təmin olunub”.
E.Yusubov diqqətə çatdırıb ki, Xankəndi şəhərində müxtəlif xidmət sahələri, ticarət, turizm, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi üzrə geniş imkanlar var: “Qeyd edilən ərazilərdə çoxlu sayda faydalı qazıntı yataqları mövcuddur. Bunlar, əsasən, qiymətli əlvan metallar, müxtəlif növ tikinti daşları, əhəng və sement xammalı, qum, çınqıl və mineral su ehtiyatlarıdır. Bu yataqların istismarı və son məhsul istehsalının təşkili ilə ixrac potensialının artırılmasına, çoxsaylı iş yerlərinin yaradılması kimi məsələlərin həllinə nail olunacaq. Torpağın münbitliyi burada kənd təsərrüfatı üzrə yüksək məhsuldarlığa şərait yaradır”.