Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə ikinci yerdədir

2024.06.28 11:59 (UTC+04:00)

Əsas məqsəd işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, dayanaqlı inkişafı, milli iqtisadiyyata sürətli inteqrasıyası və bu ərazilərə Böyük qayıdışın təmin edilməsidir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda Şuşada keçirilən tədbirdə deyib.

Nazir vurğulayıb ki, 3 il əvvəl yaradılan Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır və hazırkı infrastrukturunun genişləndirilməsinə ehtiyac var.

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da rezidentlərin sayının artdığını vurğulayan nazir əlavə edib ki, parkların profilinə uyğun olaraq fəaliyyətin daha çox təşviq edilməsi planlaşdırılır.

Azad olunmuş ərazilərdə görüləcək işlər barədə danışarkən M.Cabbarov qeyd edib ki, yaradılacaq müəssisələrdə işə qəbul zamanı keçmiş qaçqınlara və bölgələrdə yaşayan vətəndaşlara üstünlük veriləcək.

Nazir onu da vurğulayıb ki, hazırda azad olunmuş ərazilərdə sahibkarlar üçün təqdim edilən fürsətlərdən yararlanmaq daha asan və sadədir. Bu bölgəyə biznes subyektlərinin artan marağını qeyd edən nazir əlavə edib ki, gələcəkdə belə fürsətlərdən yararlanmaq, indiki kimi sadə olmayacaq və burada güclənəcək rəqabət mühiti yeni şərtləri diqtə edəcək.