Almaniyada vergilər: almanlar gəlirlərinin yarıdan çoxunu dövlətə verirlər

2019.07.18 13:58 (UTC+04:00)

Son araşdırmalara əsasən, almanlar iyul ayının ortasına qədər bütün vergiləri ödəmək, ilin qalan hissəsini isə "özləri üçün" işləyiblər. 2019-cu ildə almanlar orta hesabla qazanclarının yarıdan çoxunu (53,7 faiz) vergi şəklində dövlətə verməlidirlər. "Almaniya vergi ödəyiciləri" (BdSt) adlanan lobbiçi qrup öz araşdırmasında "Steuerzahlergedenktag" (vergi ödəyicilərinin anım gününü) – almanların özləri üçün işləməyə başladığı günü müəyyənləşdirib.

Bu ili nəzərə aldıqda əldə edilən nəticə o deməkdir ki, iyul ayının ortasına qədər vergi ödəyicilərinin və əmanətçilərin əldə etdikləri gəlirin hamısı sırf nəzəri baxımdan vergi şəklində dövlətə ödənilir. BdSt-nin Almaniyanın Federal Statistika İdarəsinin ev təsərrüfatlarının reprezentativ müşahidəsi əsasında apardığı araşdırmaya əsasən, bu ölkədə qazanılmış hər avronun yalnız 46,3 faizi onu qazanın cibinə girir.

Həqiqətən də başqa ölkələrlə müqayisədə Almaniya vergi yükü daha ağırdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) bu il açıqladığı hesabatda göstərlib ki, Almaniya vergi dərəcələrinin yüksəkliyinə görə yalnız Belçikadan geri qalır.

Bəs almanlar hansı vergiləri ödəyirlər?

Qazanılmış hər avronun böyük hissəsi – 31,4 senti sosial təminat sisteminə xərclənir. Hər avronun 4,3 sentini əlavə dəyər vergisi, 13 sentini isə əməkhaqqı vergisi və gəlir vergisi, eləcə də həmrəylik üzrə yığım təşkil edir. Bunlardan əlavə, Almaniyada əmlak vergisi, nəqliyyat vergisi, sığorta vergisi və hətta "qəhvə vergisi" və "it vergisi" kimi başqa vergilər də mövcuddur. Almanlar elektrik enerjisinə və televiziya lisenziyasına görə də hər avrodan 0,7 sent haqq ödəyirlər.

Keçən il "Steuerzahlergedenktag" iyulun 18-ə düşmüşdü. Bu isə o deməkdir ki, almanların vergi yükü keçən ildən bəri, az da olsa, aşağı düşüb. Bu, ilin sonunda sosial təminat haqqının aşağı salınması, eləcə də gəlir vergisinin inflyasiya nəzərə alınmaqla dəqiqləşdirilməsi hesabına baş verib.