Müasir dünya çirklənmənin əsas mənbəyi olan tullantıların dəyərə çevrilməsini tələb edir. Tullantılara resurs kimi baxmaqla davamlılığa və dairəvi iqtisadiyyata keçidi təmin edə bilərik.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
“Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə 5 milli prioritet daxildir ki, bunlardan biri də “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Həmin prioritet çərçivəsində 2030-cu ilə qədər iki məqsədin reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı. Ölkə üzrə yaşıllığın payı 12 faizdən 12,3 faizə çatdırılmalı, istifadəyə yararsız torpaq sahələrinin payı 25 faizdən 15 faizə qədər azaldılmalı, əhalinin içməli su ilə təminatı 70 faizdən 85, suvarma suyu ilə təminatı isə 80 faizdən 90 faizə qədər artırılmalıdır. Tullantıların təkrar emal prosesinin əhatə dairəsi 20 faiz, regionlarda isə 10 faiz olmalıdır. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti 10,5 faizə çatdırılmalıdır. Meşə fondunun 65 faizi inventarlaşdırılmalıdır”, - deyə S.Ələkbərov qeyd edib.
AZƏRTAC