Ölkədaxili nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb

2024.06.27 11:29 (UTC+04:00)

Bu ilin may ayının sonuna dövriyyədə olan ödəniş kartlarının sayı aprel ayına nisbətdə 191 min ədəd artaraq 17,86 milyonu ötüb.

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21,2 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22,1 faiz, kredit kartları üzrə 15,3 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

Cari ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 259 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5 245,6 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 003,3 milyon manatı POS terminallar, 9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62,2 faizini təşkil edib.