Berlində azərbaycanlı mühəndislərin forumu keçirilib

2024.06.25 11:10 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçirilən “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu”nda təmsil olunub.

AZPROMO-dan verilən məlumata görə, forumda çıxış edən Agentliyin icraçı direktoru Yusif Abdullayev ölkənin yaşıl investisiya potensialı haqqında məlumat verib, Azərbaycan-Almaniya iqtisadi-ticarət əlaqələrini yüksək qiymətləndirib və münasibətlərin daha da inkişaf etdirilməsi üçün sözügedən sahədə əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.

Tədbir zamanı Avropanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı alim və mütəxəssislər təqdimatlarla çıxış edib, ölkəmizdə keçiriləcək COP29-la bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, forumda Avropadan 125 mühəndis, alim, dövlət qurumların nümayəndələri, yerli və xarici qonaqlar iştirak edib.