Dövlət Vergi Xidmətinin nümayəndə heyəti beynəlxalq forumda iştirak edib

2024.06.22 11:09 (UTC+04:00)

İyunun 20-21-də Sankt-Peterburqda Rusiyanın Şimal-Qərb İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Geosiyasi ziddiyyətlər dövründə dövlət hakimiyyəti, biznes və cəmiyyət sisteminin vəhdəti” mövzusunda VIII Beynəlxalq Nevski Forumu keçirilib. Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə 2016-cı ildən keçirilən bu ənənəvi Foruma Rusiya Federasiyasının bir sıra nazirlik və idarələri, regional hökumət orqanları, yerli və xarici ekspertlər, xarici ölkələrin dövlət qurumlarının, kommersiya və ictimai təşkilatlarının 1000-dən çox nümayəndəsi qatılıb.

Forum çərçivəsində “Biznes, cəmiyyət, elm və təhsilin konsolidasiyasında dövlət hakimiyyəti sisteminin rolu” mövzusunda plenar iclas keçirilib. İclasda Rusiya, Belarus, Azərbaycan, Slovakiya, Qırğızıstan, Özbəkistan, Serbiya, Çin, Vyetnam və digər ölkələrin nümayəndə heyətləri iştirak ediblər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin rəhbəri, DVX rəisinin müşaviri Sərxan Həşimov və Maliyyə baş idarəsinin rəisi Fərhad Hüseynov Azərbaycan nümayəndə heyətinin tərkibində tədbirdə təmsil olunublar.

Forumun əsas məqsədi yeni qlobal çağırışlar və çoxqütblü dünyanın formalaşması kontekstində inkişaf üçün məsələləri nəzərdən keçirmək və təcrübə yönümlü təkliflər hazırlamaqdır. Forum çərçivəsində Rusiya və MDB ölkələrində davamlı inkişafın aktual problemlərinin geniş müzakirəsi üçün beynəlxalq səviyyəli müzakirə platforması yaradılıb. İclasda insan kapitalı sahəsində mövcud vəziyyət, müasir tələblərə cavab verən kadr ehtiyatlarının formalaşdırılması, rəqəmsal transformasiya, bu istiqamətdə regional əməkdaşlığın təşviqi, elm sahəsində gənc mütəxəssislərin sayının artırılması, dövlət qulluğunda çevik qərarların verilməsi, işçi heyətin intellektual potensialının zənginləşdirilməsi, dinamik maliyyələşmə mexanizmlərinin tətbiqi kimi mövzular müzakirə edilib. DVX-ni təmsil edən nümayəndə heyəti qurumun bu sahədə təcrübəsi, ölkəmizdə tətbiq olunan mexanizmlər və effektivliyi təcrübədən keçirilmiş müasir alətlər barədə fikirlərini bölüşərək, iclas iştirakçılarını məlumatlandırıblar. Azərbaycan nümayəndə heyəti sərmayələrin düzgün yönləndirilməsi, fiziki iş yerlərinin saxlanılması və məsafədən idarəetmə kimi məsələlərlə bağlı öz şərhlərini veriblər. Süni intellektin iş yerləri üçün yaratdığı yeni çağırışların həlli yolları da iclasın gündəliyində yer alıb.

Tədbir müzakirələrlə davam etdirilib.