Bankların onlayn xidmətlərini artırması kağız daşıyıcılara güvənən iş adamlarında müəyyən narahatlıqlar yaradır. Onlar düşünürlər ki, əvvəllər hesabatlarda istifadə etdikləri kağız formasında olan sənədlər sıradan çıxsa, vergi yoxlamaları zamanı çətinlik çəkəcəklər. Çünki onlayn bank əməliyyatları barədə məlumatları kağızda ala bilmirlər. Bəzi iş adamları isə hətta elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların çap variantında arxivləşdirilməsini təklif edirlər.
Vergilər Nazirliyinin bu məsələ ilə bağlı şərhində bildirilib ki, elektron vergi hesab-fakturasının, elektron qaimə-fakturanın tətbiqi və istifadə qaydaları Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib. Mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya e-qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılan elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır və çap edilir. Bu sənədlər hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.
Elektron qaimə-faktura vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.
Göründüyü kimi, digər hallarda qeyd olunan sənədlərin kağız formada tərtib olunması qanunvericiliyə əsasən, tələb olunmur. Xatırladaq ki, həmin sənədlərdən istifadə edilməsi Nazirlər Kabinetinin "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 14 mart 2017-ci il tarixli 89 saylı və "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarları, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"yə uyğun həyata keçirilir.