5 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 74,4 milyon manat vəsait ödənilib

2024.06.21 12:23 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində keçirilən 23 hərracda 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 313 nəqliyyat vasitəsi satılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, hesabat dövründə hərraca çıxarılan dövlət əmlakı üzrə 294 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 36 onlayn qoşulma reallaşıb.

Cari ilin ilk 5 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 59,2 milyon manat təşkil edib, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz artım qeydə alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may ayları ərzində 362-si qeyri-yaşayış, 1157-si torpaq sahəsi üzrə olmaqla 1519 yeni icarə müqaviləsi bağlanılıb. Dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 74,4 milyon manat vəsait daxil olub.