Əlilliyi olan şəxslərə yeni imkanlar – həyat sığortası təminatı MƏQALƏ

2024.06.21 10:48 (UTC+04:00)

Həyat sığortası hansı təminatı verir?

Həyat sığortası sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığorta növüdür. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortaçıya və ya onun varisinə ödənilir. “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda edilmiş dəyişikliklər vətəndaşların, o cümlədən əlilliyi olan şəxslərin daha rahat formada istehlak kreditlərindən yararlanmasına imkan verir. Qaydanın 6.1-ci bəndində göstərilib ki, sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir:

- sığortalının ölməsi;

- sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının pozulması ilə əlaqədar əlilliyinin müəyyən edilməsi.

Həyat sığortası sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud
əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığorta növüdür

Bu o deməkdir ki, vətəndaşlar kredit götürərkən sığorta şirkətləri onların həyatını sığortalayacaq. Bu zaman risk dərəcəsindən asılı olaraq, sığorta haqları fərqli ola bilər. Xüsusilə I və II qrup əlilliyi olan şəxslərin riskləri daha çox olduğu üçün indiyədək banklar birmənalı olaraq onlara kredit ayırmaqdan imtina edirdilər. Həmçinin, sığorta şirkətləri də könüllü sığorta növü kimi bu şəxslərin həyatını sığortalamaqdan imtina edirdilər və bu da onların hüquqlarının pozulmasına, imkanlarının məhdudlaşdırılmasına səbəb olurdu. Ancaq yeni qaydalar əlilliyi olan şəxslərin istehlak kreditlərinə əlçatanlığını xeyli artıracaq. Sığorta ödənişləri isə onların əmək qabiliyyətini itirmə faizlərinə uyğun qaydada müəyyən ediləcək.

Adıçəkilən qaydalara və digər sənədlərə edilmiş dəyişikliklərə görə, artıq sığorta şirkətləri əlilliyi olan şəxslərin risklərini qarşılamaqdan imtina edə bilməyəcəklər. Əvəzində istehlak krediti almaq istəyən əlilliyi olan şəxslərin sığorta haqları digər vətəndaşlara nisbətən daha yüksək olacaq. Çünki insanların yaşı və əlillik dərəcəsi artdıqca onların riskləri də artır. Həmin şəxslərin kredit məbləğləri sığortalanarkən orqanizmin hər hansı funksiyasının itirilməsi faizlərinə uyğun sığorta haqqı və sığorta ödənişi məbləğləri müəyyən ediləcək. Bununla əlilliyi olan şəxslər də həyat sığortasından yararlanaraq istehlak krediti əldə etmək şansına malik olacaqlar.

Sığorta şirkətinin öhdəliyi

Qaydanın 6.6-cı bəndinə əsasən, sığorta hadisələrinin baş verməsinə münasibətdə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yalnız sığortalının orqanizminin funksiyalarının pozulması faizinin artmasına görə fərqli faiz aralığı (31-60, 61-80 və 81-100 faiz aralığı) üzrə əlilliyin (mövcud olduğu təqdirdə) müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Vətəndaş kredit götürdükdən sonra sığorta müqaviləsi qüvvədə olduğu müddətdə hər hansı hadisə səbəbindən əlillik qazanarsa, sığorta şirkəti onun götürdüyü kreditin müəyyən hissəsini geri qaytaracaq. Bu məbləğ həmin şəxs üzrə orqanizmin funksiyalarının itirilməsi faizindən və əlillik müddətindən asılı olaraq dəyişəcək.

Yeni qaydalar əlilliyi olan şəxslərin istehlak kreditlərinə əlçatanlığını
xeyli artıracaq. Sığorta ödənişləri isə onların əmək qabiliyyətini
itirmə faizlərinə uyğun qaydada müəyyən ediləcək

Misal 1: Tutaq ki, vətəndaş 5 il müddətinə istehlak krediti götürüb və həmin müddət üçün həyat sığortası müqaviləsi bağlayıb, aylıq ödənişi 160 manat müəyyən edilib. Lakin kredit götürdükdən 1,5 il sonra bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarını itirib. Müvafiq dövlət qurumu həmin itirmə faizini 45% müəyyən edib və ona 2 il müddətinə əlillik təyin olunub. Bu halda vətəndaşın 2 il ərzində aylıq ödənişinin 45%-ni sığorta şirkəti qarşılayacaq:

160 x 24 ay = 3840 manat;
3840 x 45% = 1728 manat

Deməli, əlillik dərəcəsi alan vətəndaşın 2 il müddətində ödəyəcəyi kreditin 1.728 manatını sığorta şirkəti qarşılayacaq. Hadisə nəticəsində vətəndaş orqanizminin funksiyalarının 80%-ni itirərsə, sığorta məbləği kreditin aylıq məbləğinin 80%-i həcmində olacaq:

3840 x 80% = 3072 manat

Müddətsiz əlillik verilərsə...

Əlillik dərəcəsi müddətsiz təyin edilərsə, sığorta ödənişi qalıq borcun məbləği və orqanizmin funksiyasının itirilməsi faizinə uyğun hesablanacaq.

Misal 2: Vətəndaş kredit götürdükdən 2 il sonra orqanizminin funksiyalarını 65% itirib və bu, müvafiq dövlət qurumunun qərarı ilə təsdiq edilib. Nəticədə həmin şəxsə müddətsiz əlillik təyin olunub. Əgər həmin tarixə vətəndaşın banka 10.000 manat borcu qalıbsa, sığorta şirkəti bu məbləğin 65%-ni ödəyəcək:

10.000 x 65% = 6.500 manat

Yeni qaydalara əsasən, kredit götürən şəxs hər hansı hadisə nəticəsində vəfat edərsə, onun banka olan kredit borcunun 100%-ni sığorta şirkəti ödəməlidir.

Fərqanə ALLAHVERDİQIZI

P.S. Məqalə Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün hazırlanıb.